Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır.FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi. 2020-ci ilin iyul ayına olan məlumata əsasən 1,482 federal işçisi mövcuddur.1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktının Birinci Bölməsində göstərilən və 1996-cı il Telekommunikasiya Aktı ilə düzəliş edilmiş FKK-nın missiyası (47 U.S.C. §151-ə düzəliş) "irqinə, rənginə, dininə, milli mənşəyinə və ya cinsinə görə ayrı-seçkilik etmədən, sürətli, səmərəli, ümummilli və dünya miqyasında simli və radio rabitə xidmətlərini mümkün qədər bütün ABŞ xalqına münasib ödənişlərlə adekvat imkanlarla təqdim etmək"dir.